SİYASƏT
Aşqabadda “Enerji təhlükəsizliyi və davamlı inkişaf” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir
![Aşqabadda “Enerji təhlükəsizliyi və davamlı inkişaf” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir](/files/2013/3/1200x630/14071450415010663448_1200x630.jpg)
Aşqabad, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 17-18-də Aşqabadda “Enerji təhlükəsizliyi və davamlı inkişaf - ATƏT perspektividir” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Konfransda ölkənin və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri, ATƏT-ə üzv ölkələrin siyasi və diplomatik dairələrinin, dünyanın ən böyük neft-qaz şirkətlərinin, nümayəndə heyətləri, hökumət üzvləri, Aşqabaddakı diplomatik korpusun rəhbərləri iştirak etmişlər.
Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, konfransda ölkəmizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. Qeyd edək ki, konfransa təxminən 60 ölkədən nümayəndə heyəti dəvət olunmuşdu.
Beynəlxalq konfransın qonaqlarını və iştirakçılarını salamlayan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov diqqəti Xəzər dənizinin təbii sərvətlərinin mühafizəsinə, unikal bioloji kompleksin qorunmasına yönəldərək demişdir: Xəzər dənizi karbohidrogenlərin nəqli sahəsində dünyanın ən böyük mərkəzlərindən birinə çevrilir. Bizim ümumi məqsədimiz obyektiv iqtisadi maraqları birləşdirmək, Xəzərin biomüxtəlifliyinin qorunub saxlanılması şərti ilə energetika sferasında beynəlxalq əməkdaşlığın reallıqlarını nəzərə almaq, kövrək ekoloji balansın pozulmasına yol verməməkdir. Problemlə bağlı yalnız bəyannamələr səslənməyəcəyini, eyni zamanda ciddi ekspert qiymətləndirmələri, vəziyyətin daimi monitorinqi əsasında adekvat qərarlar hazırlanmasında ATƏT-in köməyinə ümidvar olduğunu vurğulayan ölkə başçısı konfrans iştirakçılarına minnətdarlığını bildirmişdir.
Konfransda energetika sektorunun inkişafını şərtləndirən amillər, regional əməkdaşlığın möhkəmləndirilməsi, enerji daşıyıcılarının nəqlinin təhlükəsizliyi və energetika infrastrukturunun etibarlılığı, həmçinin enerjiyə qənaət və enerji effektivliyi sahəsində qarşılıqlı yardım məsələləri müzakirə olunmuşdur.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad