Aşqarlar Kimyası İnstitutunda struktur dəyişikliyi aparılıb
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında qərar çıxarıb.
İnstitutun aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev AZƏRTAC-a açıqlamasında bildirib ki, institutun motor yağlarına yuyucu-dispersedici aşqarlar və aşqarların texnologiyası laboratoriyaları struktur vahidi kimi ləğv edilib.
AMEA prezidentinin “AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması haqqında” Sərəncamına əsasən Aşqarlar Kimyası İnstitutunda elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq məqsədilə onun laboratoriyalarında hərtərəfli araşdırma aparılıb. Müəyyən edilib ki, motor yağlarına yuyucu-dispersedici aşqarlar laboratoriyasında işlənilən proseslərin heç biri tətbiq üçün lazım olan tərzdə araşdırılmayıb və təklif verilməyib, aşqarların texnologiyası laboratoriyasında isə laboratoriya rəhbərindən başqa elmi istiqamət üzrə mütəxəssis qalmayıb. Bununla əlaqədar AMEA-nın Kimya Elmləri Bölməsinin vəsatəti nəzərə alınaraq, laboratoriyaların bağlanması məqsədəuyğun sayılıb.