Astara, Cəlilabad və Biləsuvar rayonlarında yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb
Astara, 16 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda koronavirus (COVID-19) infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş R.Mahmudovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcıları aşkarlanıb. Rayon sakinləri O.Əzizov və E.Feyzullayevin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən olunub və onlar tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıblar.
Biləsuvarda isə rayon sakini R.Yaqubova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.