Astarada Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Astara, 30 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astaralı gənclər rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir yanvarın 30-da Astara şəhərindəki Gənclər Evində 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumrayon tədbirində səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Astara Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının vətənpərvərlik və gənclik mövzusunda əl işlərinin sərgisi ilə tanış olublar.
Gəncləri qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev Gənclər və İdman Nazirliyinin yaradılması, ilk gənclər forumunun keçirilməsi və gənclər gününün təsis edilməsi tarixindən danışaraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Daha sonra rayon gənclər və idman idarəsinin 2019-cu ildəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Ümumrayon tədbirində Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin məsul işçisi Cəmalə Məmmədova, Pensər kənd 2 nömrəli tam orta məktəbin müəllimi Zaman Hüseynov, Astara Rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, könüllü Fəranə Mikayılova, Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev və başqaları çıxış edərək gənclərə təhsildə və karyeralarında uğurlar arzulayıb, onlara vətənpərvər olmağı, xalqımızın milli-mənəvi dəyərlərinə sadiq qalmağı tövsiyə ediblər.
Sonra intellektual bilik yarışlarında və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə, həmçinin sərhədçi əsgərlərə rayon gənclər və idman idarəsinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.
Tədbir Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının konsert proqramı ilə davam edib.