Astarada meşə ərazisində mərmi aşkarlanıb
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 5-də saat 19:04-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən və saat 19:06-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonunun Ərçivan qəsəbəsindəki meşə ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, havanın qaranlıq olmasını və mərminin yaşayış məntəqəsindən uzaqda yerləşməsini nəzərə alaraq, agentliyin mobil əməliyyat qrupunun, Astara Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşları fevralın 6-da əraziyə göndərilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim-taktiki atışlar üçün nəzərdə tutulmuş 120 millimetrlik minaatan mərmisi aşkarlanıb. Həmin mərmi zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərminin tapıldığı yerin ətrafında 320 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.