REGİONLAR
Astarada tədbir: “Azərbaycan gənclərinin dünyaya baxışı”
Astara, 12 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 12-də Astara Rayon Gənclər və İdman İdarəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Azərbaycan gənclərinin dünyaya baxışı“ mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev rayonun gənclərini əlamətdar gün münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin futbol üzrə məşqçiləri Etibar Axundov və Qəhrəman Mirzəyev, Vətən müharibəsi veteranı, Rayon Gənclər və İdman İdarəsinin könüllülərlə iş üzrə koordinatoru Abbas İbrahimli və başqaları mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.
Bildirilib ki, astaralı gənclər rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində astaralı gənclərdən 41 nəfəri şəhid olub, 100-dən çox astaralı döyüşçü yaralanıb. Ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Onlar Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunublar.
Tədbirin sonunda Astara rayonunda onlayn qaydada keçirilmiş intellektual bilik yarışlarının, rəsm və foto müsabiqənin qaliblərinə, ictimai fəal könüllü gənclərə, mini futbol üzrə Respublika “Könüllülər kuboku” turnirinin qalibi olmuş “Astara” komandasının futbolçularına və məşqçilərinə mükafatlar təqdim edilib.