Atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Respublika Olimpiya Mərkəzində atletika üzrə 2005-ci və 2006-cı il təvəllüdlü idmançılar arasında Azərbaycan birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda atletlər 60, 200, 400, 800 və 1500 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayırlar.
Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov açılış mərasimində çıxış edərək Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını deyib. O, Azərbaycanda idmanın digər növləri kimi, atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb. F.Hüseynov cari ildə Polşada keçiriləcək III Avropa Oyunlarında Azərbaycan atletlərinin də iştirak edərək medal qazanacaqlarına ümidvar olduğunu bildirib.
Azərbaycan birincliyində atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən federasiyanın vitse-prezidenti idmançılara uğurlar arzulayıb.
Ümumilikdə 140 idmançının qatıldığı çempionat iki gün davam edəcək. Fevralın 18-də yekun vurulacaq yarışda Bakı ilə yanaşı, Abşeron, Gəncə, Şəmkir, Sumqayıt, Astara, Naftalan, Xızı, Siyəzən, Qusar, Xaçmaz, Qobustan, Mingəçevir, Balakən, Neftçala və Bərdədən olan atletlər də mübarizə aparacaqlar.