CƏMİYYƏT
ATU-da akkreditasiya prosesinə dair beynəlxalq seminar keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16673005812368128014_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16673005813617626245_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16673005813616240823_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16673005811230334132_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16673005815376936210_1200x630.jpeg)
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) təşkilatçılığı ilə “Beynəlxalq akkreditasiya - təhsilin keyfiyyətinin artırılması aləti” mövzusunda beynəlxalq seminar keçirilib.
AZƏRTAC ATU-ya istinadla bildirir ki, tədbirdə Azərbaycanın bir sıra universitetlərinin rektorları və rəhbər şəxsləri, təhsil üzrə beynəlxalq ekspertlər, müəllimlər iştirak ediblər.
Seminarda ATU-nun rektoru, professor Gəray Gəraybəyli pedaqoji prosesin daim inkişafda olduğunu bildirərək təhsildə innovasiya və yeni texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb: “Azərbaycan universitetləri dünya bazarında rəqabətə davamlı kadrlar yetişdirilməsi uğrunda daim inkişaf prosesindədirlər. Lakin bu prosesin uğurlu nəticələnməsi üçün kənardan müstəqil ekspert rəyi, müstəqil baxışın olması çox önəmlidir. Məhz bu səbəbdən Azərbaycan Tibb Universiteti olaraq dünya miqyaslı reytinq strukturları tərəfindən tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyini seçdik“.
Professor G.Gəraybəyli üç ildən çox davam edən hazırlıq mərhələsi, beynəlxalq akkreditasiya prosesinin gedişatı haqqında iştirakçılara ətraflı məlumat verib. O, ali məktəblər üçün təhsilin keyfiyyətinin artırılması, beynəlxalq nüfuzun yüksəldilməsi, yeni bacarıqların əldə edilməsi baxımından beynəlxalq akkreditasiya prosesinin böyük önəm daşıdığını bildirib.
Sonra IAAR-ın baş direktoru Alina Jumaqulova Azərbaycanın səhiyyə sahəsində ilk dəfə ATU-nun üç ixtisas üzrə tədris proqramını uğurla akkreditasiyadan keçdiyini deyib. Qlobal reallıqlar fonunda beynəlxalq akkreditasiyanın önəmindən danışan A.Jumaqulova təhsildə keyfiyyətin təminatında IAAR agentliyinin təqdim etdiyi imkanlardan söz açıb. Bildirib ki, akkreditasiya istənilən universitet üçün xarici tələblərin qəbulu və xarici ölkələrdə diplomların tanınması üçün əhəmiyyətli addım olmaqla yanaşı, həmçinin ali məktəblərin beynəlxalq aləmə inteqrasiyasına töhfə verir.
Daha sonra Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) təmsilçiləri təhsilin keyfiyyətinin artırılması üçün istifadə olunan mexanizmlər, kənar ekspert rəyinin hazırlanmasında meyarlar və digər təqdimatlarla məruzə ediblər. Sonda akkreditasiya prosesi barədə suallar cavablandırılıb.
Qeyd edək ki, IAAR tərəfindən həm institusional, həm də tədris proqramlarının akkreditasiyası aparılır. Bu agentlik MDB ölkələri içərisində Dünya Tibb Təhsili Federasiyası (World Federation of Medical Education -WFME) tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılır.