AVCİYA Milli Məclisə seçkilərlə bağlı aralıq hesabatını təqdim edib
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərlə bağlı aralıq hesabatı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, AVCİYA-nın Seçki Qərargahının uzunmüddətli müşahidəsi əsasında hazırlanan hesabatda (2019-cu il dekabrın 6-dan 2020-ci il fevralın 4-dək) icmal, ümumi məlumat, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, assosiasiya tərəfindən aparılmış KİV-lərin monitorinqinin nəticələri, təşkilatın seçkilər və referendumlarda iştirakı ilə bağlı məlumatlar öz əksini tapıb.
AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edərək bildirib ki, hesabatın icmal hissəsində Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni, 1991-ci il oktyabrın 18-dən indiyədək Milli Məclisə (1995, 2000, 2005, 2010, 2015-ci illərdə) keçirilmiş seçkilər haqqında qısa məlumat verilib. Bu hissəyə, həmçinin Qərb ölkələrinin qurumlarının seçkilərlə bağlı tövsiyələri barədə məlumatlar daxil edilib. Məlumatda qeyd olunur ki, “Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı olan 40, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb. Onların təhlili aparıldıqda məlum olur ki, tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlkilərin təkrarından ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisi Venesiya Komissiyası, bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2008-ci il iyunun 2-də Azərbaycanın Seçki Məcəlləsinin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişiklik edib. Ümumiyyətlə, 2003-2015-ci illərdə Seçki Məcəlləsinin 200-dək maddəsinə əlavə, dəyişiklik və ya düzəliş edilib, yaxud da maddə bütünlükdə Məcəllədən çıxarılıb.
O bildirib ki, AVCİYA tərəfindən seçki öncəsi maarifçilik məqsədilə Şamaxı, Şirvan, Gəncə, Mingəçevir, Quba, Sumqayıt və Bakı şəhərlərində regional seminarlar təşkil olunub. Assosiasiya Bakı, Gəncə, Sumqayıt Mingəçevir, Şirvan Şəhərlərində regional ofislərinin işini bərpa edib. Müşahidəçilər üçün yaddaş kitabçası və “Beynəlxalq təşkilatların rəy və tövsiyələri. Müqayisəli təhlil” adlı iki kitab nəşr olunub. Bundan əlavə, AVCİYA seçkilərlə əlaqədar KİV-lərin iki dövrü əhatə edən monitorinqini təşkil edib.
“AVCİYA hesab edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, sabitlik, ədalətli və şəffaf seçkilərin keçirilməsinə imkan verir. AVCİYA Seçki Qərargahı fəaliyyət proqramına uyğun fəaliyyətini davam etdirir”, - deyə M.Zülfüqarlı bildirib.
Sonda KİV nümayəndələrinin seçkilərlə bağlı sualları cavablandırılıb.