AVQUSTUN 1-DƏN 6 RƏQƏMLİ TELEFON NÖMRƏLƏRİ 7 RƏQƏMLİ OLACAQ
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə nazir Əli Abbasov Bakı və Abşeron yarımadasının telefon şəbəkəsinin 7 rəqəmli nömrələmə sistemi ilə əvəz olunmasının son hazırlıq işləri ilə maraqlanmış, bununla bağlı əlaqədar müəssisə, təşkilat və müəssisə rəhbərlərinin məlumatlarını dinləmişdir.
Qeyd olunmuşdur ki, 7 rəqəmli nömrələməyə keçidlə bağlı texniki məsələlər həll edilmiş, respublikadaxili və beynəlxalq yığımlarda hazırlıq işləri başa çatmışdır. Bildirilmişdir ki, artıq abunəçilər avqustun 1-dən etibarən mövcud 6 rəqəmli nömrələrin əvvəlinə 4 rəqəmini əlavə etməklə yeni yığım qaydalarından istifadə edə biləcəklər.
Müşavirəyə yekun vuran nazir yeni sistemə keçid və bundan sonrakı vaxtlarda şəbəkənin istismarı və onun keyfiyyətli işinin nəzarətdə saxlanılması üçün rabitə, birlik və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.