Avrasiya Tərcümə Mərkəzinin əməkdaşları Qəbələ Arxeoloji Mərkəzi ilə tanış olublar
Qəbələ, 3 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Avrasiya Tərcümə Mərkəzinin əməkdaşları Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfər ediblər. Səfər çərçivəsində tərcüməçilər Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlarla, həmçinin qoruğun ərazisində aparılan arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.
Tərcümə Mərkəzinin əməkdaşlarının diqqətinə çatdırılıb ki, 2014-cü ildə Prezident İlham Əliyevin Qəbələ rayonuna səfəri zamanı açılışı olan mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir. Hazırda burada 2 minədək eksponat sərgilənir. 2019-cu ildə Arxeoloji Mərkəzi 8 mindən çox yerli və xarici turist, həmçinin rəsmi qonaqlar ziyarət ediblər. Mərkəzi ziyarət edənlərə Azərbaycan, rus və ingilis dillərində zəruri məlumatlar verilir.
Sonra qonaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisində və Arxeoloji Mərkəzdə görülmüş işlər haqqında filmə baxıblar.