Avroliqanın qrup mərhələsi çərçivəsində “Qəbələ” səfərdə oyuna çıxacaq
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ikinci turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, klub turnirində mübarizəni davam etdirən “Qəbələ” (Azərbaycan) futbol komandası Avroliqa yarışlarının “C” qrupunda səfərdə Rusiyanın “Krasnodar” klubunun qonağı olacaq.
Bakı vaxtı ilə saat 00:05-də Krasnodar şəhərinin “Kuban” stadionunda start götürəcək qarşılaşmanı polşalı hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Marçin Borski olacaq. Yan xətt hakimləri funksiyasını Rafal Rostkovski, Marçin Bonek yerinə yetirəcəklər. Dördüncü referi isə Krjiştof Mirmus olacaq.
Görüşün UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektoru isə bosniya və herseqovinalı Elmir Pilavdır.
İlk turda Bakıda Yunanıstan komandası “PAOK”a qarşı oyunda meydanda qolsuz heç-heçəyə nail olaraq xal qazanan Azərbaycan çempionatının bürünc mükafatçısı xal ehtiyatını artırmağa çalışacaq.
Ardıcıl altı Avroliqa qarşılaşmasında məğlub olmayan, o cümlədən onlardan son ikisini səfərdə keçirən “Qəbələ” on altıda bir final mərhələsinə vəsiqə qazanmaq üçün bu uğurunu Rusiya komandasına qarşı da davam etdirməyə çalışacaq.
“Qəbələ”nin heyətində çıxış edən futbolçulardan Aleksey Antonov vaxtilə “Krasnodar” klubunun şərəfini qoruyub. Həmçinin komandamızın heyətində çıxış edən Məhəmməd Mirzəbəyov, Georgi Floresku, Sergey Zenyov və Vaqif Cavadov da əvvəllər Rusiya klublarında oynayıblar.
Azərbaycan təmsilçisi üçüncü tur çərçivəsində oktyabrın 22-də Bakıda Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.