Avropa İttifaqı Fransaya növbədənkənar kənd təsərrüfatı dotasiyası verəcək
Bakı, 29 avqust, AZƏRTAC
Fransa quraqlıq səbəbindən Avropa Komissiyasından 1 milyard avro həcmində növbədənkənar dotasiya almağa nail olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Ərzaq naziri Didye Qiyom CNEWS telekanalının efirində məlumat verib.
Dotasiya Fransaya ümumi kənd təsərrüfatı siyasəti proqramının maliyyələşməsi çərçivəsində ödənilməlidir. Onun sözlərinə görə, ölkənin maldarlıq təsərrüfatı quraqlıqdan daha çox zərər görüb. Nazir, həmçinin davam edən çətinliklər səbəbindən bəzi fermerlərin bütün heyvanları kəsərək bir daha maldarlıqla məşğul olmamaq və digər təsərrüfat sahələrinə keçmək niyyətində olduqlarını etiraf edib.
Didye Qiyom ötən il quraqlıq səbəbindən fermerlərə dəyən zərərin ödənilməsi məqsədilə dövlət tərəfindən 200 milyon avro həcmində maliyyə yardımının ayrıldığını vurğulayıb. “Belə görünür ki, bu il quraqlıq daha şiddətlidir və təzminatın həcmi daha çox olacaq”, - deyə nazir bildirib.
Hazırda metropoliyanın 95 departamentinin 87-də əkin sahələrinin suvarılmasına sərt məhdudiyyətlər qoyulub. Buna yerüstü və yeraltı su ehtiyatlarının azalması səbəb olub. Qırmızı və sarı quraqlıq zonalarına daxil olan bəzi departamentlərdə vətəndaşlara həyətyanı sahələri, şəhərlərdə isə çəmənləri suvarmağa və avtomobilləri yumağa icazə verilmir.