Avropa İttifaqı ölkələrini təmsil edən nümayəndə heyəti Gəncədə keçirilən tədbirlərə qatılıb
Gəncə, 11 iyun, Rauf Hacıyev, AZƏRTAC
Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Aİ Avtobus turunun iştirakçıları iyunun 11-də Gəncəyə gəliblər. Avtobus turu Azərbaycan-Avropa İttifaqı əlaqələrinin 25 illik yubileyi münasibətilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərindəki tədbirlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.
Qonaqlarla görüşən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Aİ-yə daxil olan müxtəlif ölkələrin diplomatlarının təmsil olunduğu nümayəndə heyətini salamlayıb və onları qarşılamaqdan məmnun olduğunu ifadə edib. Elmar Vəliyev qonaqlara şəhərin çoxəsrlik tarixi və zəngin mədəniyyəti, multikultural dəyərləri haqqında ətraflı məlumat verib, gələcəkdə birgə həyata keçiriləcək layihələrin əhəmiyyətindən danışıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard çıxış edərək bildirib ki, avtobus turu bölgələrimizə səfər edərək, Avropa İttifaqı və onun respublikamızdakı fəaliyyəti haqda məlumat yaymaq məqsədi daşıyır. O, həmçinin Azərbaycanla əlaqələrdən də söhbət açaraq, bır sıra sahələrdə, o cümlədən təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə Almaniya, Yunanıstan, Latviya, Rumıniya, Xorvatiya, Portuqaliya, Avstriya, Macarıstan, Çex diplomatları, Avropa Şurasının nümayəndəsi respublikamızla əlaqələrdən danışıb və Gəncənin yaşıllıqlar şəhəri olduğunu bildiriblər. Avropalı diplomatlar 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilən Gəncəyə səfərlərindən məmnun qaldıqlarını söyləyiblər.
Sonda qonaqlara Gəncənin tarix və mədəniyyətini əks etdirən hədiyyələr təqdim olunub.
Nümayəndə heyəti Gəncədə yeni salınan “Avropa Gənclər Paytaxtı-2016” parkına gələrək, burada çinar ağacları əkiblər. Daha sonra isə qonaqlar şəhərdə yeni istifadəyə verilən 31 saylı körpələr evinin açılışında iştirak ediblər.
Qeyd edək ki, Aİ-yə daxil olan ölkələrin təmsilçilərinin iştirak etdiyi tədbirlər çərçivəsində günün ikinci yarısında Avropa ölkələrinin milli ənənələri və mədəniyyətinin təbliği məqsədi ilə şəhərin Heydər Əliyev parkında Avropa şəhərciyi tədbiri keçiriləcək. Tədbirdə Avropa-Azərbaycan əlaqələrini əks etdirən maraqlı pavilyon və stendlər xarici qonaqlara və şəhər sakinlərinə nümayiş olunacaq.
Axşam saatlarında isə park kompleksində yerləşən amfiteatrda “Avroviziya-2012” mahnı müsabiqəsinin təmsilçisi Səbinə Babayeva və “Azərbaycanın səsi” müsabiqəsinin müğənnilərinin iştirakı ilə konsert təşkil ediləcək.