Avropa İttifaqı Suriyaya qarşı yeni sanksiyalar paketini təsdiq etmişdir
Bakı, 15 oktyabr (AZƏRTAC). Avropa İttifaqı Suriyaya qarşı sayca 18-ci sanksiyalar paketini qəbul etmişdir. Bu barədə Aİ Şurasının Lüksemburqda, xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində keçirilən iclasının kuluarlarındakı diplomatik mənbə məlumat vermişdir.
Diplomatın sözlərinə görə həmin sanksiyalar çərşənbə axşamı qüvvəyə minəcəkdir.
Məhdudlaşdırıcı tədbirlər sırasına üçüncü ölkələr vasitəsilə hava və dəniz yolu ilə Dəməşqə silah satışının sığortalanmasına qadağalar daxildir.
İnternet-KİV-lər diplomatik mənbələrə istinadən bildirirlər ki, Suriya rejiminə növbəti təzyiq tədbirlərinə Suriya aviaşirkətlərinin təyyarələrinin Aİ üzvü olan ölkələrdə uçuşuna və enməsinə qadağalar, həmçinin üçüncü ölkələr vasitəsilə hava və dəniz yolu ilə Dəməşqə silah satışının sığortalanmasına qadağalar da daxildir. Bundan əlavə, Suriyanın daha 28 məmuru Aİ ölkələrinə gəlməsi qadağan edilən və Avropadakı aktivləri dondurulan fiziki və hüquqi şəxslərin “qara siyahısı”na əlavə ediləcəkdir.
Bu günə qədər həmin siyahıya Suriyanın hərbi və dövlət aparatının 155 nümayəndəsi, o cümlədən prezident Bəşər Əsəd və onun ailə üzvləri, habelə 53 şirkət və dövlət qurumları daxil idi. Adları bu siyahıda göstərilən bütün şəxslərin Aİ ərazisinə gəlməsi qadağan edilmişdir. Onların Avropa banklarındakı aktivləri dondurulmalıdır. Adları qara siyahıda göstərilən hüquqi şəxslərin Avropadakı bank hesabları da bağlanır. Bundan əlavə, Avropadakı dövlət və özəl şirkətlərinin həmin fiziki şəxslərlə hər hansı münasibət saxlaması qadağan edilmişdir.
Xatırladaq ki, bu il iyulun 23-də Aİ-yə daxil olan 27 ölkənin XİN rəhbərləri Suriyaya silah satışına embarqonun təmin edilməsi üçün əlavə tədbirlər görülməsi barədə qərar qəbul etmişlər. Avropa İttifaqı Suriyaya silah və ya başqa avadanlıq daşınmasında şübhəli bilinən gəmilərin və təyyarələrin yoxlanmasını tətbiq etmişdir. Aİ üzvü olan hər bir ölkə onun ərazi sularından keçən gəminin Suriyaya qadağan edilmiş yük daşıması barədə əsaslı şübhə olduğu halda bu cür yoxlama aparmağa borcludur. Analoji tələb Aİ ölkələrinin aeroportlarına gələn və ya həmin aeroportlardan uçan yük təyyarələri barəsində də irəli sürülmüşdür.