AVROPA İTTİFAQININ QRANTLARI TƏHSİLİN İNKİŞAFINA KÖMƏK EDİR
BDU-nun biokimya və biotexnologiya kafedrasının dosenti Ziyəddin Məmmədov, ABU-nun xarici əlaqələr üzrə prorektoru Bəylər Hacıyev və AKTA-nın elm və xarici əlaqələr şöbəsinin müdiri Əliverdi Allahverdiyev iyulun 3-dən 8-dək Fransanın Nant Universitetində, Renn Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda və Belçikanın Qan Universitetində olmuş, magistrlərin hazırlanması sahəsində aparılan işlərlə yaxından tanış olmuşlar.
Bəylər Hacıyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirmişdir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı alimlərlə, aparıcı mütəxəssislərlə görüşlər keçirmiş, magistrlərin müxtəlif laboratoriyalarda apardıqları elmi işlərlə yaxından tanış olmuş və ekologiya sahəsində magistrlərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparmışlar.
B.Hacıyev demişdir ki, belə layihələrin Azərbaycanın təhsil sisteminin Avropaya inteqrasiyasında, eləcə də təhsil sahəsində çalışan alimlərimizin dünya ölkələrinin mütəxəssislərlə birgə fəaliyyətində mühüm əhəmiyyəti vardır. Artıq ölkəmizi, universitetlərimizi və mütəxəssislərimizi nəinki Avropada, habelə bütün dünyada yaxşı tanıyırlar. Bu layihələr çərçivəsində əməkdaşlıq sayəsində ölkəmizə gələn avropalı mütəxəssislər və alimlər Azərbaycanda iqtisadiyyatın, elm və təhsilin inkişafı ilə yaxından tanış olmaq imkanı əldə edir, öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan həqiqətləri barədə öz həmvətənlərinə danışırlar.
Əliverdi Allahverdiyev isə demişdir ki, layihə çərçivəsində elmi əməkdaşlıqda ali məktəblərimizdən 23 magistrin seçilməsi və onların dissertasiya işinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Bu sahədə seçim əsas etibarilə ekoloji problemlərin həlli istiqamətinə yönəldilmişdir. Bu işlər TASİS-TEMPUS proqramının maliyyələşdirilməsi hesabına Fransa və Belçikanın bizim sahəyə uyğun universitetlərində yerinə yetiriləcəkdir. Seçilmiş 23 tələbə bir ildən artıqdır ki, Avropanın tədris proqramına uyğunlaşdırılmış vahid proqram üzrə bilik əldə edir. Oktyabr ayında onların arasında növbəti seçim aparılacaq, ən yaxşı 5 magistr təhsil illərinin son altı ayını Fransa və Belçikada başa vuracaq, dissertasiyalarını tamamlayıb müdafiə edəcəkdir.