Avropa İttifaqının turizm nəşrində Orta Dəhliz haqqında məqalə dərc edilib
Brüssel, 20 iyun, AZƏRTAC
“Travel Tomorrow” adlı məşhur turizm nəşrində “Orta Dəhliz Asiya ilə Avropa arasında kommunikasiyanın bərpası məsələsinin həlli ola bilər” sərlövhəli məqalə dərc edilib (https://traveltomorrow.com/the-middle-corridor-might-be-the-answer-to-reconnect-asia-and-europe/). Məqalədə qeyd olunur ki, Ukrayna müharibəsinin davam etməsi ilə əlaqədar müxtəlif sahələrdə çoxsaylı problemlər yaranıb. Yeyinti, aviasiya, energetika, turizm və nəqliyyat sahələri zərər çəkib.
AZƏRTAC xəbər verir ki, hərbi əməliyyatlar meydanının hüdudlarından kənarda əks-səda doğuran belə problemlərdən biri Asiya ilə Avropa arasında ticarət əlaqələrinə aiddir. Rusiya ərazisindən keçməklə Çindən Avropaya gedən bu marşrut müharibə başlayandan bəri faktiki olaraq işləmir. Beləliklə, Orta Dəhliz və ya Aralıq Dəhliz adı ilə də məşhur olan Transxəzər beynəlxalq nəqliyyat marşrutu yaxın gələcək üçün yaxşı alternativ ola bilər.
2022-ci ildə Mərkəzi Asiya və Qafqazdan keçməklə tranzit yükdaşımaların həcmi bir il əvvəlki ilə müqayisədə 6 dəfə artacaq və 3,2 milyon metrik tona çatacaq. Region ölkələrinin dövlətə məxsus ən iri nəqliyyat şirkətlərindən ibarət assosiasiyanın hesablamaları belə söyləməyə əsas verir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının (The Trans-Caspian International Transport Route - TITR) 10 may tarixli press-relizində deyilir: “Bu, dünyada baş verən son hadisələr fonunda marşruta tələbatın kəskin artması ilə bağlıdır. Çindən Avropaya yükdaşımalarda mühüm rol oynayan Rusiya dəmir yolları Amerika və Avropa tərəfindən sanksiyalara məruz qalıb.
Nəşr Azərbaycanın Belçikada və Avropa İttifaqındakı səfiri Vaqif Sadıqovun bu sözlərini sitat gətirir: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan öz potensialını artıq sübut edib. Azərbaycan Orta Dəhlizin bundan sonra da dəstəklənməsi üzrə yeni təşəbbüslər irəli sürüb”.
Son 15 ildə Qazaxıstan nəqliyyat sahəsinin inkişafına təqribən 35 milyard dollar sərmayə yatırıb, nəticədə 2.000 kilometrdən artıq dəmiryol, 19.500 kilometr avtomobil yolu, 15 aeroport və Xəzər dənizi boyunca yeni liman qurğuları inşa edilib. 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2025-ci ilə qədər tranzit və nəqliyyat marşrutlarının şaxələndirilməsinə, inteqrasiya edilmiş logistik qərarların tətbiqinə yönəldilən 20 milyard dollar dəyərində investisiya paketini elan edib.
Qazaxıstan Respublikasının Avropa İttifaqındakı səfiri Marqulan Baymuxan “Travel Tomorrow” nəşrinə müsahibəsində deyib: “Avropa İttifaqı Qazaxıstanın ən mühüm ticarət tərəfdaşıdır. Xarici ticarətin 40 faizi onun payına düşür. Aİ ilə bizim əlaqələrimiz möhkəmdir. O, Mərkəzi Asiyada regional inkişafın fəal tərəfdarıdır”.
Səfir Marqulan Baymuxan daha sonra deyib: “Hazırda Qazaxıstandan Avropa İttifaqına ixrac demək olar bütünlüklə enerji və xammal sektorunun payına düşür. Biz Aİ ilə münasibətlərimizi strateji münasibətlər hesab edirik və daim yeni əməkdaşlıq sahələri axtarırıq”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel