Avropa Komissiyası üzv dövlətlərin hökumətlərini Avropa şirkətlərində payçı qismində təmsil olunmağa çağırıb
Vyana, 14 aprel, AZƏRTAC
Avropa Komissiyası üzv dövlətlərin hökumətlərini Avropa şirkətlərində payçı qismində təmsil olunmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, “Financial Times” bununla bağlı Avropa İttifaqının (Aİ) rəqabət üzrə komissarı Marqarete Vestaqerin müsahibəsini dərc edib. Müsahibədə komissar üzv ölkələrini qeyri-Aİ və xüsusilə də Çin sərmayəçilərinin Avropa şirkətlərində pay alması təhlükəsini önləmək üçün həmin şirkətlərdə payçı kimi iştiraka çağırıb.
O, qeyd edib ki, Aİ şirkətlərinin xarici sərmayəçilər tərəfindən alınmasını önləmək üçün üzv dövlətlərin müvafiq addımlar atmasında və payçı qismində səhmləri əldə etməsində problem görmür. Çünki hazırkı koronavirus böhranı dövründə çətin vəziyyətə düşmüş bir çox şirkət arzuolunmaz satınalmaların hədəfinə çevrilir.
Komissarın sözlərinə görə, Aİ-nin müvafiq tənzimləyici qurumları hazırda üzv dövlətlərə satınalmalar üçün geniş səlahiyyətlərin verilməsinə dair təkliflər üzərində çalışırlar. İlk növbədə Çin sərmayəçilərinin Avropa şirkətlərində maraqlı olması hazırkı böhran dövründə səhmlərinin qiyməti ucuzlaşan şirkətlərin paylarının əldə edilməsinə münbit şərait yaradır. Buna görə də, Aİ qurumları səhmləri qeyri-Aİ dövlətlərinə məxsus olan və ya həmin dövlətlər tərəfindən dəstəklənən şirkətlərin gələcəkdə Avropa şirkətlərində pay alması üçün yeni qaydalar toplusu hazırlayır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana