Avropa Komissiyasının baş katibi istefa verib
Bakı, 24 iyul, AZƏRTAC
Brüsseldə Avropa siyasətinin “boz kardinalı” hesab edilən Avropa Komissiyasının baş katibi Martin Selmayr istefa verib. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, bu məlumatı Avropa Komissiyasının rəsmisi Mina Andreyeva keçirdiyi brifinqdə verib.
Qeyd olunub ki, Selmayr müvəqqəti olaraq Avropa Komissiyası başçısının müşaviri vəzifəsinə təyin edilib. O, payıza qədər vəzifəsini icra edəcək Jan-Klod Yunkerin məsləhətçisi olacaq. Avropa İttifaqının büdcə üzrə komissarı Günter Öttinger bildirib ki, Ursula fon der Lyayenin rəhbərliyi ilə noyabrın 1-dən fəaliyyətə başlayacaq yeni kabinet Selmayrı Avstriya üzrə nümayəndə təyin edə bilər.
Jan-Klod Yunkerin sabiq kabinet rəhbəri bu vəzifəyə 2018-ci il yanvarın 1-də təyin olunub. Onun müsabiqə proseduralarından kənar təyinatı Avropa Komissiyasında geniş müzakirələrə səbəb olmuşdu. Avropa KİV-də Martin Selmayrı “Avropa Komissiyasının beyin mərkəzi” və “Yunkerin Rasputini” adlandırırdılar. 48 yaşlı alman siyasətçi vahid Avropa layihəsinin fanatik təbliğatçısı sayılır. Selmayr, həmçinin Brexit üzrə danışıqlarda Böyük Britaniya qarşısında sərt şərtlərin qoyulmasını tələb edirdi. O, bunu onunla əsaslandırır ki, başqa dövlətlər gələcəkdə Londonun bu addımını təkrar etməsinlər. Avropanın siyasi kulislərində Selmayrın istefasını onunla əlaqələndirirlər ki, digər üzv ölkələr Avropa Komissiyasına Ursula fon der Lyayenlə yanaşı ikinci almanın başçılıq etməsini istəmirlər.