Avropa Oyunlarının qalibi karateçimiz İsveçrədə keçirilən beynəlxalq turnirdə çempion olub
Bakı, 18 sentyabr, AZƏRTAC
Karate üzrə müxtəlif yaş qruplarından ibarət Azərbaycan milli komandalarının 11 idmançısı İsveçrədə "Bazel open masters" beynəlxalq turnirində 16 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdən Hümmət Baxşəliyev və Avropa Oyunlarının qalibi Ayxan Mamayev həm kumite, həm də mütləq çəki dərəcəsinin yarışlarında çempion olublar.
Turnirdə, həmçinin 16-17 yaşlı gənclərdən Elcan Məmmədrzayev (61 kq), Elman Babayev (76 kq), Fəridə Əliyeva (59 kq-dan yuxarı), eləcə də 18-21 yaşlı gənclərdən Şahin Quluzadə (67 kq), Vüsal Kamallı (75 kq) Fəridə Abiyeva (61 kq), böyüklərdən ibarət komandamızın üzvlərindən Asiman Qurbanlı, Əli Cəfərov (84 kq-dan yuxarı) kumitedə və mütləq çəki dərəcəsinin yarışlarında medallara layiq görülərək fəxri kürsüdə yer alıblar.
Beləliklə, ümumi nəticədə 7 qızıl, 4 gümüş və 5 bürünc medala sahib olan idmançılarımız ümumi komanda hesabında birinci yeri tutublar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə yarışa yollananlar arasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayevlə Vüqar Kərimov da olub.
İdmançıların çıxışlarını yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyev izləyib.
Qeyd edək ki, karate üzrə komandalarımız noyabrın əvvəlində İndoneziyada keçiriləcək yeniyetmə və gənclərin dünya çempionatına hazırlaşırlar.