AVROPA ŞURASININ EKSPERTLƏRİ AZƏRBAYCANDA MƏHKƏMƏ İSLAHATLARINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
İşçi qrupunun mütəmadi keçirilən iclaslarında ətraflı müzakirələr aparılmış, verilmiş tövsiyələr məhkəmə islahatı zamanı nəzərə alınmış və bu sahədə qəbul edilən qanunlar Avropa Şurasında ekspertizadan keçirilərək yüksək dəyərləndirilmişdir.
İşçi qrupunun bu günlərdə keçirilmiş növbəti iclasında ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, hakimlərin və prokurorluq işçilərinin tədrisinin səmərəliliyinin artırılması üzrə faydalı müzakirələr aparılmış, müvafiq tövsiyələr verilmişdir.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov işçi qrupun üzvləri ilə görüşmüşdür.
Ölkəmizin məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üzrə dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə həyata keçirilən mütərəqqi tədbirlərə toxunan nazir, Azərbaycanın Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini vurğulamış, bu işdə birgə işçi qrupunun xüsusi rolunu, əldə edilmiş nailiyyətləri qeyd etmişdir.
Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirləri yüksək qiymətləndirən ekspertlər bu sahədə yeni qəbul edilmiş qanunların Avropa standartlarına uyğun olduğunu və Azərbaycanda mükəmməl məhkəmə sisteminin yaradılmasına xidmət etdiyini bildirmiş, ölkəmizdə hakim vəzifələrinə namizədlərin beynəlxalq normalara uyğun, şəffaf prosedurlar əsasında seçilməsini qeyd edərək, onu Avropada ən mütərəqqi prosedurlardan biri kimi xarakterizə etmişlər.
Tədbirdə işçi qrupunun üzvü, İtaliyanın Neapol Məhkəməsinin hakimi, Avropa hakimlərinin Məşvərətçi Şurasının sədri Raffaele Sabato Azərbaycanda məhkəmə islahatlarına verdiyi töhfəsinə görə Ədliyyə Nazirliyinin rəmzi medalı ilə təltif edilmişdir.
Görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iştirak etmişdir.