CƏMİYYƏT
Avropa yeni doğulan körpələr arasında İÇV-infeksiyaların sayının azalmasında sanballı uğurlar qazanmışdır
Bakı, 3 iyul (AZƏRTAC). Avropa immun çatışmazlığı virusunun anadan uşağa keçməsinin qarşısının alınmasında sanballı uğurlara nail olmuşdur. Bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı yaymışdır.
İÇV-yə yoluxmuş hamilə qadınların antiretrovirus preparatlar ilə vaxtında müalicə olunması sayəsində DST-nin Avropa regionunda infeksiyaya yoluxmuş uşaqların sayı 2010-cu il ilə müqayisədə 10 faiz azalmışdır. Qərbi Avropa ölkələri bu sahədə daha böyük uğurlar qazanmışlar. Regionda infeksiyaya yoluxanların 75 faizi Şərqi Avropa sakinləridir.
İÇV anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və əmizdirərkən keçir. Lazımi profilaktiki tədbirlərsiz virusun anadan körpəyə keçməsi riski 15-45 faiz təşkil edir. İlkin mərhələdə səmərəli müdaxilə sayəsində belə təhlükənin qarşısını almaq mümkündür. Ekspertlər vurğulayırlar ki, Avropa ölkələri artıq bunu sübuta yetirmişlər.
DST-nin mətbuat üçün məlumatında deyilir: “Virusun anadan uşağa keçməsi hallarının ümumi sayının azalması son bir neçə ildə İÇV/QİÇS-ə qarşı mübarizə sahəsində Avropanın qazandığı uğurlardan biridir.
Məlumatda belə bir məsələyə diqqət yetirilir ki Avropa ölkələrində İÇV-yə yoluxan hamilə qadınların 95 faizi antiretrovirus terapiyası ilə təmin olunmuşdur. Bunlar dünyada ən yaxşı göstəricilərdir. Regionda İÇV-yə yoluxan bütün anaların yenicə doğulmuş körpələrinin təqribən 70 faizi İÇV testindən keçir, ilk iki ayda müayinə olunur.