AVSTRİYADA HÖKUMƏT BÖHRANI “BÖYÜK KOALİSİYA”NIN PARÇALANMASI İLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Avstriya Xalq Partiyasının (ÖVP) koalisiya şəklində təmsil olunan Avstriya hökumətində aylardan bəri davam edən böhran iyulun 7-də sona çatmışdır. Cəmi 18 ay sürən “böyük koalisiya” hər iki partiyanın razılığı ilə fəaliyyətini dayandırmışdır.
Səhiyyə, təhsil, sosial və sığorta sistemində islahatlarla bağlı fikir ayrılığı və fərqli ideoloji istiqamətləri təmsil edən düşərgələr arasında yaşanan arasıkəsilməz daxili çəkişmələr, xüsusilə də ötən həftə Sosial-Demokratlar Partiyasının ümumavropa siyasi kursunda yeni mövqeyi koalisiya böhranını son həddə çatdırmışdır. “Səbr kasası” daşan vitse-kansler və ÖVP sədri Vilhelm Molterer bazar ertəsi partiya idarə heyətinin qısa iclasından sonra, təmsil etdiyi partiyanın koalisiyada fəaliyyət göstərməsini mümkünsüz olduğunu bildirmiş və növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif etmişdir.
SPÖ rəhbərliyi də parlamentdə koalisiya tərəfdaşının bu təklifini dəstəkləyəcəyini elan etmişdir. Avstriyanın federal kansleri (SPÖ) növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək və partiyanın seçki siyahısına yeni təyin edilmiş partiya sədri, federal nəqliyyat və infrastruktur naziri Verner Faymann başçılıq edəcəkdir.
Parlamentdə təmsil olunan müxalifət partiyaları (Yaşıllar Partiyası, Avstriya naminə İttifaq və Avstriya Azadlıq Partiyası) hər iki partiyanın qərarını alqışlamışdır.
Avstriyada növbədənkənar parlament seçkiləri sentyabr ayının sonunda keçirilməsi gözlənilir. Yaxın günlərdə ölkə parlamenti buraxıldığını elan etməli və seçkilərin dəqiq tarixini müəyyənləşdirilməlidir.