Avstriyada vitse-kansler istefaya göndərilən Kanslerin səlahiyyətlərini icra edəcək
Vyana, 28 may, AZƏRTAC
Mayın 27-də Avstriya Parlamentində Federal Kansler Sebastian Kurtsun rəhbərlik etdiyi hökumətə etimadsızlıq göstərilib. Kurtsun kabineti istefaya göndərildikdən sonra müvəqqəti olaraq onun səlahiyyətlərinin icrası məsələsi gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, Avstriya Konstitusiyasına görə, Federal Prezident Aleksander Van der Bellen müvəqqəti hökuməti təşkil etmək üçün parlamentdə bütün partiyaların rəğbət göstərəcəyi, hazırda heç bir partiya mənsubluğu olmayan və dövlət idarəçiliyində kifayət qədər təcrübə toplamış şəxsi kansler vəzifəsinə təyin etməli və həmin şəxsə müvəqqəti hökuməti təşkil etmək tapşırığı verməlidir. Bütün siyasi qüvvələrin etimad göstərəcəyi namizədin tapılması zaman tələb etdiyinə görə dövlət başçısı hazırda boş qalan kansler səlahiyyətlərinin icrasını istefaya göndərilən hökumətin vitse-kansleri, maliyyə naziri Hartviq Löqerə həvalə edib.
Qeyd edək ki, mayın 18-dən başlayan “İbizaqeyt” qalmaqalı ilk öncə bu videoda yer alan vitse-kansler Haynts-Kristian Ştraxenin istefası, növbədənkənar parlament seçkilərinin elan edilməsi, sonra Ştraxenin rəhbərlik etdiyi partiyanın üzvlərinin hökumətdən ayrılması və sonda isə parlamentin Federal Kansler Sebastian Kurtsun rəhbərlik etdiyi hökumətə etimadsızlıq göstərilməsi ilə nəticələnib.
29 yaşında Federal Kansler seçilən Sebastian Kurts Avstriya tarixində ən gənc Kansler olmaqla yanaşı, İkinci Respublika tarixində (1945-ci ildən indiyədək) hakimiyyətdə ən qısa müddətdə olan Kanslerdir. O, bu vəzifəni 525 gün icra edib.
Eyni zamanda, İkinci Respublika dövründə parlamentdə bütün kabinet, kansler və ya müxtəlif nazirlərə qarşı 160 dəfə etimadsızlıq təşəbbüsü qaldırılsa da, hakimiyyətdə olan partiya(lar) parlamentdə malik olduğu səs çoxluğundan istifadə edərək, bu təşəbbüsləri 159 dəfə rədd edib. Koalisiyalı hökumət dağıldıqdan sonra parlamentdə səs çoxluğunu itirən Kurts kabineti mayın 27-də etimadsızlıq təşəbbüsünə qarşı heç nə edə bilməyib və ölkə tarixində ilk dəfə olaraq parlament bütün hökumətin fəaliyyətinə son qoyub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana