Azad edilmiş ərazilərdə sakin və işəgötürənlərlə görüşlər davam etdirilir
Bakı, 23 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı işləri çərçivəsində sakinlər və işəgötürənlərlə növbəti görüşlər keçirib.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yeni köç etmiş sakinlərlə görüşlərdə onların peşə bacarıq və təcrübələri, eləcə də maraq dairələrinə uyğun fəaliyyət istiqamətləri müəyyən edilib, məşğulluq imkanları qiymətləndirilib. Həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb.
Şuşanın Böyük Qaladərəsi kənd sakinlərinin isə özünüməşğulluq proqramına cəlb edilmək imkanlarının öyrənilməsi üçün şəraitlərinə baxış keçirilib. Qiymətləndirmələr aparılmaqla, onların proqram üzrə hansı zərflər daxilində kiçik ailə bizneslərini qura biləcəkləri müəyyən edilib, müvafiq qeydiyyat işləri aparılıb.
Agentlik Ağdam rayonu ərazisində fəaliyyət göstərən 17 işəgötürənin, habelə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa da keçirib.
Tədbirdə agentliyin fəaliyyət istiqamətləri, işəgötürənlərlə birgə icra etdiyi proqramlar, habelə azad edilmiş ərazilərdə məşğulluğun təminatı sahəsində onlarla birgə görülən işlər barədə məlumat verilib. İşəgötürənləri maraqlandıran suallar cavablandırılıb, onlarla birgə həyata keçiriləcək növbəti aktiv məşğulluq tədbirləri müzakirə olunub.