ELM VƏ TƏHSİL
Azəbaycan Memarlıq və İnşaat Universitetində birinci kurs tələbələri ilə görüşlər keçirilir
![Azəbaycan Memarlıq və İnşaat Universitetində birinci kurs tələbələri ilə görüşlər keçirilir](/files/2013/3/1200x630/140714512129689395_1200x630.jpg)
Bakı, 11 noyabr (AZƏRTAC). Azəbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova universitetə bu il daxil olan tələbələrlə görüşmüşdür.
AMİU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ali təhsil ocağının 97 tələbəsi olan texnologiya və 120 tələbəsi olan müasir informasiya texnologiyaları fakültələrinin tələbələri ilə keçirilən görüşlərdə fakültə dekanları, tanınmış ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Bildirilmişdir ki, birinci kurslarla tanışlıq xarakteri daşıyan görüşlər rektor tərəfindən ənənəvi olaraq hər il keçirilir. Görüşlərdə rektor gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayan universitetin hazırda təhsil ocaqları içərisində seçildiyini söyləmişdir. Universitetin imkanlarından və təhsilin səviyyəsindən danışan rektor tələbə-müəllim münasibətlərinə toxunmuş, AMİU-da təlim-tərbiyə məsələlərinin xüsusilə önə çəkildiyini bildirmiş, tələbələri maraqlandıran sualları ətraflı cavablandırmışdır.
Tədbirlərdə, həmçinin tələbələrin şikayət və təklifləri dinlənilmişdir. AMİU-nun beynəlxalq əlaqələri tələbələrin diqqətinə çatdırılmış, Avropa İttifaqı universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq, dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramlarından söhbət açılmışdır.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində AMİU-ya 1180 tələbə qəbul olunmuşdur.