AZƏRBAYCAN 2008-2013-CÜ İLLƏRDƏ DƏ REGİONUN ƏN İNKİŞAF ETMİŞ ÖLKƏSİ OLACAQDIR
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, İqtisadi İslahatlar Fondunun prezidenti Azər Əmiraslanov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan iqtisadiyyatı ilə bağlı verdiyi proqnozlarla əlaqədar iyulun 31-də “Trend” İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında səsləndirmişdir.
Azər Əmiraslanov demişdir ki, iqtisadi artım tempinin tədricən azalacağına dair proqnozlar bizim üçün heç də yenilik deyil və bu, təbiidir. Çünki BVF-dən də əvvəl buna yaxın proqnozları Azərbaycan hökuməti hazırlamış və 2008-ci ilin büdcə paketinə daxil etmişdir. Qarşıdakı 5 ildə ölkəmizi heç bir böhran, tənəzzül gözləmir. Əslində fondun hesabatında Azərbaycanın həmin dövrdə böhranla üzləşəcəyindən söhbət də getmir. BVF-nin Bakı ofisi iyulun 29-da xüsusi açıqlama ilə bu proqnozların bəzi mətbuat səhifələrində yanlış şərh olunduğunu bildirmişdir.
Milli Məclisin deputatı son illər Azərbaycan iqtisadiyyatında qazanılmış nailiyyətləri diqqətə çatdırmış, ölkə rəhbərliyinin neft sektoru ilə yanaşı qeyri-neft sahəsinin inkişafına diqqət və qayğısını vurğulamışdır. Qeyd etmişdir ki, xidmət, kənd təsərrüfatı məhsullarının emalı, turizm, nəqliyyat və rabitə sahələrinin inkişafı hesabına qeyri-neft sektorunun iqtisadiyyatda payı artacaq və bu, iqtisadi artım tempinə müsbət təsir göstərəcəkdir.
BVF-nin hesabatını şərh edən A.Əmiraslanov demişdir ki, qurumun proqnozuna əsasən, 2013-cü ildə Azərbaycanda təkcə qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən məbləği 7 min 500 ABŞ dolları təşkil edəcəkdir. Yeri gəlmişkən, Ermənistanda adambaşına ÜDM-in məbləği 2015-ci ildə 6 min 400 dollara çata bilər.
Məlum olduğu kimi, ÜDM-in adambaşına düşən məbləği həm də həyat səviyyəsini və iqtisadi inkişafı xarakterizə edən göstəricilərdən biridir. 2013-cü ildə ölkəmizdə ÜDM-in adambaşına düşən məbləği 12 min 915 dollara çatacaq və Azərbaycan yüksək gəlirli ölkələr sırasına daxil olacaqdır. Bu rəqəmlər isə bir daha göstərir ki, Azərbaycan BVF-nin proqnozlaşdırdığı 2008-2013-cü illərdə də regionun ən inkişaf etmiş ölkəsi olacaqdır.
Sonda Azər Əmiraslanov jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
######
