AZƏRBAYCAN ALİMLƏRİ BEYNƏLXALQ ELMLƏR AKADEMİYASININ ÜZVÜ SEÇİLMİŞLƏR
Beynəlxalq Elmlər Akademiyası (BEA) Azərbaycan bölməsının, - Milli Məclisin deputatı, akademik Cəlal Əliyev və Avropa Şurasının sabiq baş katibi, professor Corc Kann Akkermann bu bölmənın fəxri prezidentləridir, - rəyasət heyətinin yanvarın 8-də Milli Elmlər Akademiyası Rəyasət heyətinin binasında keçirilmiş növbəti iclasında akademik Cəlal Əliyev başda olmaqla Azərbaycanın bir qrup alimi BEA-nın həqiqi və müxbir üzvləri seçilmişdir.
BEA-nın Azərbaycan bölməsının həmprezidenti, BEA-nın akademiki Elçin Xəlilov Rəyasət heyətinin üzvlərini iclasın gündəliyi ilə tanış etdikdən sonra BEA Rəyasət heyətinin üzvü, BEA-nın Şərqi Avropa bölməsının prezidenti Karl Gext görkəmli elmi xidmətlərinə görə Beynəlxalq Elmlər Akademiyasının qızıl nişanlarının laureatları diplomlarını dünya şöhrətli alim, MEA-nın akademiki Cəlal Əliyev başda olmaqla bir qrup tanınmış Azərbaycan aliminə təqdim etdi. O, laureatlara Azərbaycan və dünya elminin tərəqqisi naminə yeni yaradıcılıq uğurları arzulayaraq bildirdi ki, BEA Rəyasət heyətinin 2001-ci il 4 dekabr tarixli qərarı ilə Azərbaycan alimlərinin elmi nailiyyətləri xüsusən yüksək qiymətləndirildiyinə görə onlar, istisna olaraq, BEA-nın Azərbaycan bölməsinin deyil, bilavasitə BEA-nın akademikləri və müxbir üzvləri seçilmək şərəfinə layiq görülmüşlər. BEA-nın Rəyasət heyəti ilk dəfədir ki, belə qərar qəbul etmişdir. O, həmçinin xatırlatdı ki, Beynəlxalq Elmlər Akademiyası müasir dövrün görkəmli alimi, iki dəfə Nobel mükafatı laureatı Laynus Polinq tərəfindən yaradılmışdır. L.Polinq ömrünün sonunadək bu dünya şöhrətli və çox nüfuzlu elmi təşkilatın prezidenti olmuşdur. BEA-nın akademikləri arasında 120-dən artıq Nobel mükafatı laureatı var.
Sonra Karl Gext BEA-nın prezidenti, akademik Valter Koflerin məktubunu oxudu. Məktubda deyilir: “Bu qərar Azərbaycan alimlərinin elmi xidmətlərinin xüsusilə yüksək qiymətləndirilməsi və BEA-nın Azərbaycan bölməsının fəxri prezidenti, akademik Cəlal Əliyevə dərin hörmət və etimad əlaməti olaraq qəbul edilmişdir”. Məktubda həmçinin bildirilir ki, BEA akademiklərinin və müxbir üzvlərinin diplomlarını və bürünc nişanlarını Azərbaycan bölməsının növbəti iclasında BEA-nın akademiki Cəlal Əliyev təqdim edəcəkdir.
Sonra Karl Gextin “Fizioloji ritmlərin və təbiət ritmlərinin rezonansı” mövzusunda məruzəsi dinlənildi. Məruzə böyük maraq doğurdu. Milli Elmlər Akademiyasının Rəyasət heyəti yanında Anomal hallar daimi komissiyasının təqdim etdiyi “Kosmik sükunətin sirləri” adlı elmi-sənədli film də göstərildi.
İclasda bir sıra təşkilati və elmi məsələlər müzakirə olundu.