Azərbaycan alimləri beynəlxalq əməkdaşlıq çərçivəsində çap olunan kitabın həmmüəllifləridir
Bakı, 17 aprel, AZƏRTAC
Dünyanın nüfuzlu nəşriyyatlarından olan “IGI Global” nəşriyyat evində İspaniyanın Qranada Universitetinin alimləri Laura Alcaide-Munoz və Francisco Jose Alcaraz-Quilesin “Sosial media vasitəsilə elektron iştirak təşəbbüslərinin optimallaşdırılması” kitabı nəşr edilib.
Kitabın “Elektron dövlətdə sosial medianın rolu və təsiri” adlı ikinci fəslinin həmmüəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu fəsildə sosial mediadan istifadə edən hökumət orqanlarının vətəndaşlarla qarşılıqlı əlaqə qurmaq üçün razılaşdırılmış uzunmüddətli məqsədinin mövcudluğu, e-dövlətlə vətəndaş arasındakı əks əlaqənin qurulmasında sosial şəbəkələrin rolu, e-dövlətdə sosial mediadan istifadə və idarəetmə mexanizmlərinin transformasiyası kimi məsələlərə baxılıb.
Qeyd edək ki, bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihə çərçivəsində yerinə yetirilib.