MƏDƏNİYYƏT
Azərbaycan alimlərinin Özbəkistanın ali məktəblərində mühazirələri dinlənilib
Bakı, 9 may, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması layihəsi çərçivəsində akademik Nizami Cəfərov və Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrinə Azərbaycan və rus dillərində mühazirələr oxuyublar.
AZƏRTAC xəbər verir ki, mühazirədən əvvəl tarix və filologiya fakültələrində olan azərbaycanlı alimlər fakültələrdə tədrisin təşkili ilə tanış olub, müəllim heyəti ilə görüşüb, müzakirə və fikir mübadiləsi həyata keçiriblər. Fakültə rəhbərləri universitetdə təhsil alan tələbələrin Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri ilə dərindən maraqlandıqlarını diqqətə çatdırıblar.
Azərbaycanlı alimlər də çalışdıqları ali təhsil ocaqları haqqında söhbət açaraq, gənclərin elmə, biliyə olan münasibətlərini müsbət hal kimi dəyərləndiriblər. Daha sonra tələbələr akademik Nizami Cəfərov və dosent Kərəm Məmmədovun Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı ilk mühazirələrini dinləyiblər.
Azərbaycanlı alimlərin Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki mühazirələri iki gün davam edib.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması və azərbaycanlı alimlərin Özbəkistan ali məktəblərində mühazirə oxuması layihəsi çərçivəsində işlərin növbəti tədris ilində də aparılması planlaşdırılır.