AZƏRBAYCAN-AVSTRİYA İQTİSADİ ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN BÖYÜK POTENSİAL VARDIR
Qarışıq Komissiyanın Bakıda keçirilmiş 4-cü iclasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıldığını söyləyən N.Səfərov demişdir ki, konkret istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilmiş, yekun protokol imzalanmışdır. Nazir müavini bildirmişdir ki, protokolda ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, habelə Avstriyanın Avropaya inteqrasiya edən Azərbaycana göstərə biləcəyi dəstəyə dair məsələlər yer almışdır.
Komissiyanın iclasının davamı olaraq dekabrın 4-də Bakıda keçirilən Avstriyalı və yerli iş adamlarının ikitərəfli görüşlərinin də ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini bildirən N.Səfərov demişdir ki, həm Qarışıq Komissiyanın iclasında, həm də sahibkarların görüşündə Azərbaycan məhsullarının Avstriyaya ixracı məsələsi də müzakirə obyekti olmuşdur. Qərara alınmışdır ki, gələn il Avstriyada Azərbaycanın iqtisadi və investisiya imkanlarına dair təqdimat təşkil edilsin. Eyni zamanda, bu tədbir çərçivəsində Azərbaycanda istehsal olunmuş məhsulların sərgisinin də keçirilməsi nəzərdə tutulmuşdur.
Nazir müavini Azərbaycan ilə Avstriya arasında mal dövriyyəsinin ölkələrimizin iqtisadi potensialını əks etdirmədiyini demiş, əməkdaşlığın genişləndirilməsi üçün heç bir problemin olmadığını diqqətə çatdırmışdır.
Yohan Kauzl ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından Qarışıq Komissiyanın işini vacib hesab etdiyini bildirmiş, komissiyanın avstriyalı və azərbaycanlı iş adamları arasında işgüzar münasibətlərin genişlənməsinə müsbət təsirini vurğulamışdır.
Azərbaycanın investisiya qoyuluşu üçün cəlbedici ölkə olduğunu bildirən Y.Kauzl, ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin istənilən səviyyədə olmadığını, bunun üçün həm hökumətlər, həm də işgüzar dairələr səviyyəsində dialoqun davam etdirilməsinin vacibliyinə toxunmuşdur.
Y.Kauzl diqqətə çatdırmışdır ki, onun hökuməti hazırda Azərbaycan vətəndaşlarının Avstriyaya getmək üçün viza almalarını asanlaşdırmağı nəzərdən keçirir. Çox güman ki, yaxın vaxtlarda Almaniyanın Azərbaycandakı səfirliyində bu vizaların verilməsinə başlanacaqdır.