Azərbaycan Çin beynəlxalq qida sərgisində təmsil olunmuşdur
Çanşa, 15 noyabr (AZƏRTAC). Çinin Xunan vilayətinin paytaxtı Çanşa şəhərində 7-ci Çin beynəlxalq qida sərgisi keçirilmişdir.
“Yaşıl, təhlükəsizlik, inkişaf” devizi altında keçirilmiş illik sərgidə Çin ilə yanaşı, Avropa və Asiyanın bir çox ölkəsinin dövlət qurumlarından və özəl sektordan 600-ə yaxın təmsilçi iştirak etmişdir. Azərbaycan bu sərgidə ölkəmizin Çindəki səfirliyi ilə təmsil olunmuşdur.
Yetmiş mindən çox ziyarətçinin baş çəkdiyi sərginin 22 min kvadratmetrlik ekspozisiya sahəsində ərzaq, kənd təsərrüfatı məhsulları, tütün məmulatları, uşaq qidaları, qablaşdırma texnikası və s. nümayiş olunmuşdur.
Sərginin açılış mərasimində Çin Kommersiya Nazirliyinin və Xunan vilayətinin rəsmi şəxsləri çıxış etmişlər.
Mərasimdə çıxış edən Azərbaycanın Pekindəki səfirliyinin müşaviri Mətin Mirzə sərginin ölkəmizi Çinin Xunan vilayətinə, Xunan vilayətinin isə Azərbaycana tanıtmaq üçün yaxşı zəmin olduğunu diqqətə çatdırmışdır.
Diplomat son illər Azərbaycanın dinamik inkişafı, qazanılmış uğurlar, həyata keçirilən irimiqyaslı layihələr, makroiqtisadi göstəricilər, infrastrukturun yenilənməsi barədə danışmış, enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsinin, o cümlədən kənd təsərrüfatının inkişafını faktlarla əsaslandırmışdır. Bildirmişdir ki, son 10 ildə ölkədə müxtəlif sahələrə 150 milyard ABŞ dollarından çox sərmayə qoyulmuş, regionların sosial-iqtisadi inkişafına yönələn tədbirlər nəticəsində 1,2 milyon yeni iş yeri açılmışdır. Bu da öz növbəsində əhalinin sosial rifah halının yaxşılaşmasına mühüm təsir göstərmişdir.
Azərbaycanın beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdıran M.Mirzə bildirmişdir ki, yüzlərlə xarici şirkət ölkəmizdəki əlverişli biznes mühitindən yararlanır.
Diplomat Azərbaycanda da bu cür sərgi və konfransların mütəmadi keçirildiyini bildirərək, hər ilin mayında paytaxtımızda təşkil edilən beynəlxalq qida sənayesi sərgisində Çin şirkətlərinin, habelə Çində anoloji tədbirlərdə Azərbaycan şirkətlərinin iştirakının hər iki tərəf üçün faydalı olacağına inamını ifadə etmişdir.
Azərbaycanlı diplomatın Xunan vilayəti Kommersiya Departamenti baş direktorunun müavini Gou Çuan ilə görüşündə ölkələrimiz arasında əlaqələrin müvafiq sahələrdə genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə səfəri müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan ilə Çin arasında əlaqələrin yaranmasında bünövrə rolunu oynamışdır. Prezident İlham Əliyevin 2005-ci və 2008-ci illərdə Çinə səfərləri bu münasibətlərin möhkəmlənməsinə müsbət təsirini göstərmişdir.
Görüşdə qarşı tərəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ümumilikdə bölgənin inkişafına mənfi təsiri barədə məlumat verilmişdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Çanşa