Azərbaycan Cüdo Federasiyasının konfransı və icraiyyə komitəsinin iclası keçirilib
Bakı,15 mart, AZƏRTAC
Martın 15-də Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) konfransı və icraiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən ACF-in prezidenti Rövnəq Abdullayev ölkədə idmanın bütün növlərində inkişafın ən yüksək səviyyəyə çatdığını bildirib. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı nailiyyəti buna bariz nümunə göstərib.
Mandat Komissiyasının tərkibi müəyyənləşdikdən sonra konfransda yetərsay elan olunub.
ACF-in baş katibi Elmar Babanlı bildirib ki, 2015-ci il sentyabrın 10-da keçirilmiş konfransdan sonra cüdonun inkişafında yeni mərhələ başlayıb. Onun sözlərinə görə, yeniyetmə, gənc, böyüklər və paralimpiya komandaları yüksək nailiyyətlər göstərib. O, medalların illər üzrə artdığını (2015-ci ilin son 3 ayında 25, 2016-cı ildə 140, 2017-ci ildə 191 medal), cüdoçuların “Rio-2016”da 2 gümüş medal, paracüdoçuların isə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıqlarını söyləyib.
Baş katib cüdoçularımızın “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında, Avropa və dünya çempionatlarında da tarixi nailiyyətlərə imza atdıqlarını vurğulayıb. O, ACF prezidentinin Beynəlxalq Cüdo Federasiyasının icraiyyə komitəsinə üzv seçildiyini və 2018-ci il dünya çempionatının Bakıya həvalə olunduğunu xatırladıb. E.Babanlı respublika üzrə seleksiya xarakterli yarışlara 2000-dək cüdoçunun qatıldığını və kütləviliyin yüksəldiyini diqqətə çatdırıb.
Sonra maliyyə hesabatı dinlənilib.
Hesabatlar səsverməyə qoyularaq qəbul edilib.
Daha sonra Azər Əsgərov ACF icraiyyə komitəsinə üzv qəbul edilib. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Mərkəzi Ordu İdman Klubu, Sərhədçi” İdman Olimpiya Mərkəzi, FHN İdman Olimpiya Mərkəzi, “Judo Club”u, “Qəbələ” idman klubu, “Turan” idman klubu, 1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi ACF üzlüyünə qəbul olunub.
Sonda çıxış edən R.Abdullayev əldə olunan uğurlara görə federasiya üzvlərinə minnətdarlığını bildirib. O, qarşıda ACF-ni vacib yarışların gözlədiyini bildirərək deyib: “Bakıdakı dünya çempionatı pik yarışımız olacaq. Biz bu yarışa yaxşı hazırlaşmalıyıq. Cüdo ictimaiyyətini prosesə cəlb etməli, ilk dəfə Bakıda keçiriləcək mundialda yüksək nəticə göstərməliyik. Bu, bizim vicdan borcumuz olmalıdır”.