Azərbaycan Dillər Universiteti ilə Argentinanın La Plata Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu günlərdə Bakıda keçiriləcək üçüncü Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana gəlmiş, Argentinanın La Plata Milli Dövlət Universitetinin və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, professor Norberto Konsani və Beynəlxalq Münasibətlər İnstitutunun departament əlaqələndiricisi, professor Paulo Botta ilə görüşmüşdür.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə S.Seyidov Forumun əhəmiyyətini qeyd etmiş, tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış elm adamlarının, o cümlədən Nobel mükafatı laureatlarının, ictimai xadimlərin iştirak edəcəklərini bildirmişdir. Rəhbərlik etdiyi ali məktəb barəsində məlumat verən rektor Argentina universitetləri və ADU arasında əməkdaşlığın inkişafından danışmış, bu sahədə əlaqələrin yaradılmasında göstərdiyi köməyə görə Argentinanın Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirmişdir.
S.Seyidov ADU-da tələbələrin ispan dilinə böyük maraq göstərdiklərini, bu dili öyrənməklə ispandilli ölkələri yaxından tanıdıqlarını, bu ölkələrin mədəniyyəti və tarixi barəsində geniş bilgilər əldə etdiklərini vurğulamışdır. Rektor universitetdə İspan dili Mərkəzinin fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdırmış, ADU-nun regionşünaslıq kafedrasının nəzdində Argentina kafedrasının açılmasının məqsədəuyğun olduğunu bildirmişdir.
Argentinalı qonaqlar səmimi görüşə görə təşəkkür etmiş, ADU-da ispan dilinin tədris olunmasını yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, universitetlər arasında imzalanacaq əməkdaşlıq müqaviləsi yeni əlaqələrin yaranmasına və inkişafına təkan verəcəkdir.
Görüşdə əməkdaşlığın perspektivləri, birgə layihələrin təşkili, universitetlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Sonra ADU ilə La Plata Milli Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Sənədi S.Seyidov və N.Konsani imzalamışlar.
Müqaviləyə əsasən, universitetlər arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın qurulması və ADU-da Argentina kafedrasının açılması razılaşdırılmışdır.
Görüşdə Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva, səfirliyin konsulu Qabriel Xorquero, Argentinanın Milli Xarici Xidmət İnstitutunun direktoru Xuan Valle Raleigh, Argentina səfirliyinin mədəniyyət işləri üzrə nümayəndəsi Tutu Yunusova iştirak etmişlər.