MƏDƏNİYYƏT
Azərbaycan Dillər Universitetində “Dolu” filminin təqdimatı olmuşdur
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Azərbaycan Dillər Universitetində (ADU) yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyniadlı romanı əsasında yazdığı ssenari üzrə rejissor Elxan Cəfərovun çəkdiyi “Dolu” filminin təqdimatı olmuşdur.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Aqil Abbasın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin 2013-cü il 1 aprel tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunduğunu diqqətə çatdırmışdır.
Sonra çıxış edən yazıçı Aqil Abbas ADU-da olmaqdan məmnunluğunu bildirmiş, universitetin Azərbaycan təhsil sistemində xüsusi xidmətlərindən bəhs etmişdir. O, ADU-nun Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynadığını söyləmişdir.
A.Abbas filmin bir sıra ölkələrdə də nümayiş olunduğunu nəzərə çarpdırmış, əsərin yaradıcı heyətini tədbir iştirakçılarına təqdim etmişdir.
Sonra filmin nümayiş olunmuşdur. Rektor S.Seyidov “Dolu” filmini yüksək qiymətləndirərək bu əsərin ekranlaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında azad ediləcəyinə inamını ifadə etmişdir.
Qeyd edək ki, film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanlarınadək döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Ekran əsərinin rejissoru filmin finalında tamaşaçıda qələbəyə inam hissini aşılaya bilmişdir.