Azərbaycan Dillər Universitetində fövqəladə hallar zamanı davranış qaydalarına həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Dillər Universitetinin birgə təşkil etdikləri tədbirin məqsədi tələbələri fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı maarifləndirməkdir.
Təlim nəzəri və praktiki hissələrdən ibarət olmuşdur.
Tədbirin əhəmiyyətindən danışan ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, ATGTİ-nin sədri Şahin İsmayılov bildirmişlər ki, tələbələr arasında belə təlim kurslarının keçirilməsi çox əhəmiyyətlidir. Tələbələrin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri olduqca vacibdir.
FHN-nin Bakı Regional Mərkəzi rəisinin müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov Nazirliyin son illərdə gördüyü işlər, tədbirin məqsəd və məramı barədə qısa məlumat vermişdir.
C.Məmmədov qeyd etmişdir ki, Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2013-cü ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Bu əməkdaşlıq artıq 3 ildir davam edir. Bakı Regional Mərkəzi öz maarifləndirmə fəaliyyətini yalnız tələbələrlə işlə məhdudlaşdırmır. Tam orta məktəblər, səhiyyə müəssisələri, iri özəl şirkətlər də mərkəzin daim diqqət mərkəzindədir. Maarifləndirmə tədbirlərinin əhalinin geniş dairələrini əhatə etməsi üçün mərkəz daim öz fəaliyyətini genişləndirir, cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlıq edir. Keçirilən maarifləndirmə tədbirləri fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılayır, baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının alınmasına və ya artıq baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında insanlara kömək edir. Mərkəzin Azərbaycan Dillər Universitetində keçirdiyi təlim də həmin tədbirlərin davamıdır.
Tədbirdə “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları”, “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” mövzularında çıxışlar və təqdimatlar olmuşdur.
Tədbir iştirakçılarına FHN-nin Bakı Regional Mərkəzinin və digər qurumlarının xilasetmə texnikası və avadanlığı, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazlarının iş prinsipləri, yanğınsöndürmə, sularda xilasetmə vasitələrinin təyinatı və onlardan istifadə qaydaları, fövqəladə hallar zamanı ilkin tibbi yardım barədə geniş məlumat verilmişdir.
Tədbirdə mərkəzin Xüsusi Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətləri əməkdaşları axtarış-xilasetmə əməliyyatları üzrə nümunəvi praktik çıxışlar nümayiş etdirmişlər.