“AZƏRBAYCAN DİNAMİK İNKİŞAF YOLUNDA: NƏTİCƏLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Milli Məclisin deputatlarının, alimlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konfransı giriş sözü ilə açan YAP sədrinin müavini, icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov ümummilli lider Heydər Əliyevin möhkəm təməlini qoyduğu iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Azərbaycanda əldə olunan uğurların elmi baxımdan araşdırıldığını xatırladaraq bildirdi ki, bu istiqamətdə tədqiqatlar gələcəkdə də davam etdiriləcəkdir. O dedi ki, Azərbaycanın neft ehtiyatları olmasına baxmayaraq, ölkənin iqtisadi inkişafı yalnız neft amili ilə əlaqələndirilmir. İqtisadi tərəqqinin yüksələn xətlə davam etdirilməsində ölkədə sabitliyin qorunub saxlanması, neft gəlirlərindən səmərəli istifadə, regionların inkişafı, xarici sərmayələrin cəlb edilməsi, sahibkarlığın inkişafına dövlət qayğısı kimi və digər mühüm amillər mövcuddur.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə, tanınmış iqtisadçı alimlər Məmməd Meybullayev, Rasim Nəbiyev, Müşfiq Atakişiyev, Sadiq Salahov və Rəsul Balayev Azərbaycan iqtisadiyyatının XXI əsrdə inkişaf modeli, davamlı iqtisadiyyatın inkişaf nəzəriyyəsi, keçid dövrü iqtisadiyyatının xüsusiyyətləri və perspektivləri, neft strategiyasının sosial-iqtisadi nəticələri, aqrar islahatların nəticələri və perspektivlər, dinamik inkişafın informasiya aspektləri barədə əhatəli məruzələrlə çıxış etdilər. Məruzələrdə Azərbaycanda iqtisadi inkişafın elmi əsaslara və dünya təcrübəsinə söykəndiyi xüsusi vurğulandı.
Xalqımızın maddi rifah halının getdikcə yaxşılaşdığını, yoxsulluğun azaldığını xatırladan məruzəçilər bildirdilər ki, bu il dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artması paytaxtda və regionlarda sosial-iqtisadi inkişafla bağlı müxtəlif layihələrin həyata keçirilməsinə imkan yaradacaqdır.
Məruzələrdə belə bir fikir səsləndi ki, Azərbaycanda iqtisadi inkişafın milli modeli yaradılmışdır. Hətta əminliklə vurğulandı ki, beynəlxalq aləm bu milli modelin mövcudluğunu qəbul edəcək və Azərbaycanda tətbiq edilən metodlardan digər ölkələrdə də istifadə olunacaqdır. Dünya Azərbaycanda iqtisadi inkişafı etiraf edir. Çalışmaq lazımdır ki, bu inkişafın milli modelinin mövcudluğu da dünya birliyi tərəfindən təsdiqlənsin.