Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti NATO-nun Brüsseldəki mənzil-qərargahında olmuşdur
Brüssel, 30 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə heyəti Şimali Atlantika Alyansının İctimai Diplomatiya Bölməsinin proqramında iştirak etmək üçün NATO-nun Brüsseldəki mənzil-qərargahında olmuşdur.
ADA-nın nümayəndə heyətinə diplomatiya və beynəlxalq münasibətlər üzrə bakalavr və magistr proqramının (MADIA) 31 tələbəsi daxil olmuşdur.
İkigünlük səfərin birinci günündə tələbələrə Şimali Atlantika Alyansının ekspertləri tərəfindən NATO tərəfdaşlıqları, əməliyyatlar, enerji təhlükəsizliyi, müdafiə islahatları və digər sahələr üzrə brifinqlər verilmişdir. Həmçinin Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin əməkdaşları ilə görüş təşkil edilmişdir.
Səfərin ikinci günündə ADA-nın nümayəndə heyəti Azərbaycanın Belçikadakı səfirliyində, Konrad Adenauer Stiftung Beyin Mərkəzində və BMT-nin Avropa üzrə Regional İnformasiya Ofisində təşkil edilmiş görüşlərdə iştirak etmişdir. Tələbələr brifinq və görüşləri maraqla qarşılamış, interaktiv sessiyalarda fəallıq göstərmişlər.
ADA nümayəndə heyətinin Brüsselə səfəri NATO-nun İctimai Diplomatiya Bölməsinin və Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin sıx əməkdaşlığı və dəstəyi ilə baş tutmuşdur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel