Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Zəfər sərgisi” açılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Zəfər sərgisi” açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə 44 günlük Vətən müharibəsinin əsas məqamlarını, o cümlədən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəli tarixi tvitlərini əks etdirən 44 fotoşəkil nümayiş etdirilir. Sərgi zalında səhnədə böyük ekranda isə bu ali təhsil ocağının məzunları olmuş 13 şəhid haqqında Akademiyanın Multimedia Mərkəzinin hazırladığı videoçarx nümayiş etdirilir. Burada, həmçinin şəhid məzunların ailələrinə göndəriləcək plaketlər və xatirə lövhələri də sərgilənir.
Sərginin açılış mərasimindən əvvəl iştirakçılar Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin abidəsi qarşısına və Şəhidlər guşəsinə əklillər qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 44 günlük müharibədə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Vətən müharibəsi günlərində Akademiyanın vətənpərvərlik nümunəsi olan fəaliyyətinə həsr edilmiş qısa videoçarx göstərilib.
ADBTİA-nın rektoru Fuad Hacıyev sərginin açılış mərasimində çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinin tarixə qızıl hərflərlə yazılan möhtəşəm hadisə olduğunu bildirib. Müharibənin ilk günlərindən Akademiyanın döyüşən orduya dəstək olduğunu qeyd edən rektor bu ali təhsil ocağının könüllü olaraq müharibəyə yollanan 75 tələbə və magistrinin düşmənə qarşı qəhrəmancasına vuruşduğunu bildirib. O, Vətən uğrunda canlarından keçən şəhidlərdən 13-nün ADBTİA-nın məzunu olduğunu vurğulayıb. Rektor qeyd edib ki, şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi üçün onların adlarına fəxri təqaüdlər təsis edilib, yeni istifadəyə verilmiş tədris korpusunda auditoriyalara onların adları verilib. Fuad Hacıyev Akademiyanın Elmi-Tədris Laboratoriyasında indiyədək 78 yaralı hərbçinin Böyük Britaniyanın London Universitet Kollecinin və Avstriyanın “Complex Core” şirkətinin tibbi reabilitasiya protokolları əsasında müalicəyə cəlb edildiyini bildirib.
Sonra ADBTİA Multimedia Mərkəzinin hazırladığı və Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfərini əks etdirən 44 saniyəlik videoçarx nümayiş olunub.