MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Turizm Agentliyi Yaponiya Səyahət Agentlikləri Assosiasiyası ilə sıx əməkdaşlıq edəcək
Tokio, 15 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Turizm Agentliyi Yaponiya Səyahət Agentlikləri Assosiasiyası ilə sıx əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma dekabrın 15-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Yaponiya Səyahət Agentlikləri Assosiasiyasının (JATA) prezidenti Tadaşi Şimura ilə görüşündə əldə olunub.
Görüşdə Azərbaycan tərəfdən ATB, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Paşa Travel, Vahid Azərbaycan Turizm Agentliyi və ENC Tours şirkətlərinin nümayəndələri, Yaponiya tərəfdən isə “Club Tourizm International Inc.”, “World Air-Sea Service Co.”, “Eurasia Travel Marketing Co.” və “Japan Air Travel Marketing Co.” şirkətlərinin rəhbərləri iştirak ediblər.
Azərbaycanlı qonaqları Tokioda salamlamaqdan məmnun olduğunu bildirən JATA prezidenti T.Şimura ölkəmizin sürətlə inkişaf etdiyini və böyük turizm potensialına malik olduğunu deyib. Əminliklə söyləyib ki, bu gün aparılacaq müzakirələr, irəli sürüləcək təkliflər iki dost ölkə arasında turizmin daha da inkişafına müsbət təsir göstərəcək: “Postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin təşkili hər iki ölkənin iqtisadiyyatının bərpasına və inkişafına töhfələr verəcək”.
Göstərilən qonaqpərvərliyə görə qarşı tərəfə minnətdarlığını bildirən DTA sədri Fuad Nağıyev Azərbaycan nümayəndə heyətinin Yaponiyada keçirdiyi görüşlərin və apardığı müzakirələrin iki ölkə arasında turizm sahəsində əlaqələrə böyük təkan verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, sürətlə inkişaf edən ölkəmizin turizm infrastrukturu, ecazkar təbiəti və ləziz mətbəxi yapon turistlərin əyləncəli istirahəti üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə sürətlə inşa edilən infrastruktur obyektləri, salınan yollar həmin ərazilərin də tezliklə maraqlı turizm məskənlərinə çevriləcəyini deməyə əsas verir.
Görüş çərçivəsində aparılan müzakirələrdə həm yapon şirkətlərinin nümayəndələri, həm də azərbaycanlı iş adamları turizm sahəsində əlaqələrin inkişafı barədə rəy və təkliflərini səsləndiriblər. Qeyd edilib ki, indiyədək Yaponiyadan Azərbaycana səfər edənlər arasında əsasən orta və yaşlı nəslin nümayəndələri üstünlük təşkil etsələr də, bundan sonra əsasən gənclərin Qafqazın bu əsrarəngiz ölkəsinə səyahətlərinin təşkilinə üstünlük vermək lazımdır. Bu məqsədlə birbaşa sərnişindaşıma aviareyslərinin açılması, Azərbaycan haqqında daha çox yapon dilində məlumatlar yayan mənbələrin yaradılması məqsədəuyğun olar. İşğal edilmiş torpaqların azad edilməsindən sonra ölkəmizin strateji əhəmiyyətinin artdığı, region dövlətləri də daxil olmaqla Bakıda turizm habının yaradılmasının zəruriliyi təkliflər sırasında yer alıb. Həmçinin bu məqsədlə Tokioda Azərbaycan Turizm Mərkəzinin yaradılmasının məqsədəuyğun olduğu vurğulanıb.
Görüşün sonunda hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio