Azərbaycan dünyada təbii sərvətləri ilə yanaşı, həm də idman ölkəsi kimi tanınır
Bakı, 5 mart, AZƏRTAC
Nərimanov rayonunda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayon ərazisində fəaliyyət göstərən idman müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək, ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazandığını bildiriblər. Qeyd olunub ki, bu uğurların təməli ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdən qoyulub. Gəncləri idman vasitəsilə layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkədə milli idman növləri ilə yanaşı, Olimpiya idman növlərinin inkişafı da böyük vüsət aldı. İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait Azərbaycanı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Əlbəttə ki, bütün bu uğurlar Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir.
Sonda idman sahəsində fərqlənən bir qrup şəxs Bədən Tərbiyəsi və İdman Günü münasibətilə fəxri fərmanla təltif olunub.