Azərbaycan ərazisində “Quş qripi”nin törədicisi aşkarlanmamışdır
Bakı, 15 noyabr (AZƏRTAC). “Quş qripi” ilə bağlı noyabrın 4-dən Azərbaycan ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanmış 16 çöl quşunun patoloji materialı və ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda 1335 ev quşundan götürülən qan nümunələri respublika baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) AZƏRTAC-a bildirmişlər ki, müayinə olunmuş nümunələrin heç birində “Quş qripi” xəstəliyinin törədicisi aşkar edilməmişdir. Köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili ərazilərində həyata keçirilmiş monitorinqdə DBX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşları iştirak etmişlər. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmamışdır.
DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev quşları qapalı şəraitə keçirilməli, özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, quşlar baytarlıq-sanitariya tələblərinə uyğun şəraitdə saxlanılmalıdır. Çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi olunması qəti qadağandır.
Hazırda ölkədə “Quş qripi” və digər yoluxucu xəstəliklərlə bağlı epizootik vəziyyət sabitdir. DBX əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.