Azərbaycan gəncləri İstanbul valisi ilə görüşmüşlər
Bakı, 15 noyabr (AZƏRTAC). ”İslahatçı Gənclər” İctimai Birliyinin (İB) sədri Fərid Şahbazlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində mühüm görüşlər keçirmişdir.
Nümayəndə heyətinin tərkibində ictimai birliyin baş katibi Hacıbəy Heydərli, qurumun Türkiyə təmsilçisi Zemfira Əliyeva və İstanbul Türk Ocağı Gənclik Qollarının əlaqələndiricisi Almıla Maraş da olmuşlar.
İctimai birlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan gənclərini İstanbul valisi Hüseyin Avni Mutlu qəbul etmişdir. Görüşdə İstanbul valisi Azərbaycan-Türkiyə münasibətlərinin dostluq, qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu və bu münasibətlərin inkişafında iki ölkənin gənclərinin də mühüm rol oynadığını qeyd etmişdir.
“İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlı da Azərbaycan-Türkiyə münasibətlərinin dərin tarixi köklərə əsaslandığını və bu münasibətlərin ən yüksək səviyyədə davam etdirildiyini bildirmişdir. O, Azərbaycanda aparılan olduqca uğurlu dövlət gənclər siyasətindən söz açmış, iki ölkə gənclərini türk dünyasını maraqlandıran mövzular ətrafında birgə fəaliyyət göstərmələrinin vacibliyini vurğulamışdır. İB-nin sədri Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin prinsipial mövqeyindən danışaraq, Azərbaycanın da daim Türkiyənin narahat edən mövzulara böyük həssaslıq və diqqətlə yanaşdığını diqqətə çatdırmışdır.
Hüseyin Avni Mutlu İstanbulun inkişafı və modernləşməsindəki xidmətlərinə görə “İslahatçı Gənclər” İB tərəfindən “Türk dünyasına xidmət” mükafatı ilə təltif olunmuşdur.
Azərbaycan nümayəndə heyəti daha sonra "Akşam", "Günəş" qəzetləri, "SkyTürk 360" televiziyası, bir neçə radio və dərgini birləşdirən "Türk Medya" Qrupunda olmuşdur. Qrup başqanı Cengiz Özdəmirlə görüşən gənclərimiz Azərbaycan-Türkiyə münasibətlərində medianın rolu və qardaş ölkənin mətbuatında Azərbaycan gənclərinin təmsilçiliyi mövzusunda fikir mübadiləsi aparmışlar. İB tərəfindən uğurlu qəzetçilik fəaliyyətinə, Azərbaycanla bağlı gerçəklərin obyektiv təqdimatına görə Cengiz Özdəmirə “Türk dünyasına xidmət” mükafatı təqdim edilmişdir.
Nümayəndə heyətimiz daha sonra İstanbul Türk Ocağı Gənclik Qollarının başqanı Qiyasəddin Gərginlə görüşmüşlər. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu və reallaşa biləcək birgə layihələr müzakirə olunmuşdur.