SİYASƏT
Azərbaycan gəncləri “Sərhədsiz gənclər” mədəniyyətlərarası dialoq forumunda təmsil olunmuşlar
![Azərbaycan gəncləri “Sərhədsiz gənclər” mədəniyyətlərarası dialoq forumunda təmsil olunmuşlar](/files/2013/3/1200x630/140714512055722570_1200x630.jpg)
Bakı, 11 noyabr (AZƏRTAC). Ukraynanın Vinnitsa şəhərində keçirilən Azərbaycan-Ukrayna gənclərinin mədəniyyətlərarası dialoq forumunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) daha bir uğura imza atmışdır.
Təşkilatın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ATGTİ-nin fəal üzvləri Nəriman Zeynalov, Günay Cəfərli və Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Məmədbağır Məmmədov ölkəmizi forumda uğurla təmsil etmişlər.
Azərbaycan və Ukrayna Gənclər və İdman nazirliklərinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan forumda ölkələrin qarşılıqlı dostluq münasibətlərinin inkişafı, gələcəkdə gənclər sektorunda irəli sürüləcək təşəbbüslər müzakirə olunmuşdur.
Rəsmi tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycanın Ukraynadakı səfirinin birinci katibi Sübhan Hüseynli səmimi qəbula və forumun yüksək səviyyədə təşkil edilməsinə görə Vinnitsa vilayətinin rəhbərliyinə və forumun təşkilatçılarına minnətdarlığını bildirmişlər.
Sonra forum öz işini “Gənclərin aktual problemlərin həll olunmasında rolu”, “Gənclərin ictimai fəaliyyəti: reallıqlar, imkanlar, perspektivlər” mövzuları üzrə panel müzakirələr və təqdimat formatında davam etdirmişdir.
Forumda Azərbaycan nümayəndə heyətinin tərkibində ATGTİ fəalları ilə yanaşı Cəlilabad rayon gənclər və idman idarəsinin rəisi Ramin Rəhimov, “İRƏLİ” İctimai Birliyinin nəzarət-təftiş komissiyasının sədri Xaqani Fərəcov da təmsil olunmuşlar.