MƏDƏNİYYƏT
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı “İncəsənətdə fəaliyyət” konserti proqramı təşkil ediləcəkdir
Bakı, 7 iyun (AZƏRTAC). Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) iyunun 8-də Binəqədi rayonundakı Heydər Əliyev parkında “World Vision İnternational” humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik” adlı layihə çərçivəsində “İncəsənətdə fəaliyyət” konsert proqramı təşkil edəcəkdir.
AGAT-dan AZƏRTAC-a bildirmişlər ki, konsert Gənclər və İdman Nazirliyinin, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı və “Prayd and Joy” şirkətinin dəstəyi ilə keçiriləcəkdir.
AGAT Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramını və Fransanın, Ukraynanın, Türkiyənin, Moldovanın və Rumıniyanın gənc fəallarının iştirakı ilə 10 günlük “Gənclər fəaliyyətdə 2” (“Art in action 2”) layihəsini həyata keçirir.
Konsertdə “Gənclər fəaliyyətdə 2” beynəlxalq layihəsində iştirak edən ölkələrdən nümayəndələr çıxış edəcəklər. Həmin ölkələrin iştirakçıları əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə onlarla birlikdə səhnəcik hazırlayacaqlar. Konsertdə müvafiq qurumların nümayəndələrinin çıxışları da nəzərdə tutulmuşdur.
Konsert proqramı mədəniyyətlərarası dialoqa həsr olunacaq və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçiriləcəkdir.