Azərbaycan gəncliyi fəal sosial təbəqəyə çevrilib
Masallı, 31 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 31-də Masallı Rayon Mədəniyyət Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun gənclərini qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət və qayğı göstərilməsidir. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, mədəni təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi, gənclər də hərtərəfli yararlanırlar. Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmasının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi özünü arxayın, güvənli hiss edir.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafovun 2018-ci ildə İdarənin gördüyü işlər, həyata keçirilən tədbirlər barədə hesabat məruzəsi dinlənilib.
“Azərbaycan gəncliyi 2017-2021-ci illər” Dövlət Proqramının icrası istiqamətində Masallıda görülən işlər barədə məlumat verən C.Manafov ölkəmizdə gənc nəslin problemlərinin kompleks həlli üçün dövlət səviyyəsində bütün lazımi tədbirlərin həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi sahəsində ölkəmizin hər yerində olduğu kimi, Masallıda da bir sıra işlər görülüb. Masallı Sənaye Məhəlləsinin fəaliyyətə başlaması rayon əhalisinin məşğulluğunu təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Ötən il rayonda 400-dən çox gənc işlə təmin olunub.
Tədbirdə Masallı rayon Dəlləkoba kənd ümumi orta məktəbinin gənc müəllimi Cəbrayıl Əlili, Masallı Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətillayev, Masallı Dövlət Regional Kollecinin gənclər təşkilatının sədri Leyla Baxışova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin müfəttişi şəhid Heybət Hüseynovun övladı Ülvi Hüseynli çıxış edərək, gəncləri bütün sahələrdə fəal olmağa çağırıblar.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə gənclərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Ümumrayon tədbiri rayonun gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.