Azərbaycan gəncliyi respublikamızın qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verir
Ağcabədi, 12 avqust, AZƏRTAC
Ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfransda səsləndirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov və Gənclərin İnkişafı və Karyera Mərkəzinin rayon nümayəndəliyinin direktoru Fuad Əliyev çıxış edərək, dövlət gənclər siyasətindən, gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı rolundan bəhs ediblər. Bildirilib ki, Azərbaycan öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsində gənclərin üzərinə də böyük işlər düşür.