İDMAN
Azərbaycan güləşçisi Patimat Baqomedova Avropa çempionatının qızıl medalını qazanmışdır
Bakı, 5 iyul (AZƏRTAC). Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizə aparmışlar.
Milli komandamızın üzvü Patimat Baqomedova (51 kq) mübarizəyə 1/4 finaldan başlamışdır. Polşa təmsilçisi Paula Kozlovanı məğlub edən güləşçimizin yarımfinalda rəqibi ukraynalı Lilya Horishna olmuşdur. Rəqibi üzərində inamlı qələbə qazanan P.Baqomedova finala vəsiqə qazanmışdır. Finalda Rusiya təmsilçisi Stalvira Orşuşa tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionu olmuşdur.
Raqnetta Qurbanzadənin (67 kq) isə ilk rəqibi türkiyəli Kiymet Koçyiğit olmuşdur. Rəqibini məğlub edən güləşçimiz növbəti mərhələyə çıxmışdır. 1/4 finalda Avstriya təmsilçisi Martina Kuenzi məğlub edən R.Qurbanzadə yarımfinala yüksəlmişdir. Rəqib Rusiya təmsilçisi Svetlana Lipatova olmuşdur. Gərgin keçən qarşılaşmanı rəqib güləşçi qazanmışdır. İdmançımız bürünc medal uğrunda bolqarıstanlı Dzanan Manolovaya uduzaraq çempionatı beşinci pillədə başa vurmuşdur.
Qeyd edək ki, çempionatın ilk iki günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında 52 xalla ikinci olmuşlar.