AZƏRBAYCAN HÖKUMƏTİ TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNİNİNKİŞAFINA DİQQƏT YETİRİR
Prezident Administrasiyası İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri Elmir Vəlizadə AZƏRTAC-ın müxbiri ilə söhbətində informasiya və kommunikasiya texnologiyalarının (İKT) dövlət idarəetməsində tətbiqi məsələsindən danışmışdır. O demişdir ki, İKT dövlət bölməsində geniş tətbiq edilir. Dövlət idarəetməsində müasir hesablama və kommunikasiya texnologiyalarından istifadə olunur. Demək olar ki, bütün mərkəzi orqanlar gündəlik fəaliyyətlərində İnternetdən faydalanırlar. Bunlar görülən böyük işin ancaq zahiri tərəfləridir.
Mərkəzin rəhbəri xatırlatmışdır ki, 2003-cü ildə “Azərbaycanda İKT inkişafının milli strategiyası” qəbul edilmişdir. Artıq Ədliyyə Nazirliyi əhali ilə bağlı digər informasiya sistemləri üçün fundamental əsas ola biləcək “Vətəndaşların dövlət registri”, həmçinin Azərbaycanın normativ aktlarına dair informasiya sistemi yaradılır.
Elmir Vəlizadənin sözlərinə görə, Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təchizinə dair Dövlət Proqramını həyata keçirməyə başlamışdır. Vergilər Nazirliyində, Dövlət Gömrük Komitəstində korporativ informasiya sistemi yaradırlar. Maliyyə Nazirliyində isə xəzinədarlıq fəaliyyəti avtomatlaşdırılır.