AZƏRBAYCAN İLƏ CƏNUBİ AFRİKA RESPUBLİKASI ARASINDA ƏMƏKDAŞLIQ ÜÇÜN BÖYÜK İMKANLAR VARDIR
Səfir B.Gilan səfərdən başlıca məqsədin ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafına dair imkanların araşdırılması olduğunu söyləmişdir.
CAR-ın dünyada və BMT sistemində aparıcı ölkələrdən olduğunu bildirən nazir E.Məmmədyarov əməkdaşlıq üçün böyük imkanları qeyd etmişdir.
Tərəflər Azərbaycan ilə CAR arasında siyasi, iqtisadi, turizm və s. sahələrdə əməkdaşlıq imkanlarının öyrənilməsi və inkişaf etdirilməsi məqsədi ilə hər iki ölkənin müvafiq dövlət qurumları arasında məsləhətləşmələrin aparılması, iş adamlarının qarşılıqlı səfərlərinin təşkili barədə razılığa gəlmişlər.
E.Məmmədyarov ölkəmizin siyasi, sosial-iqtisadi vəziyyətinə, respublikamızın regional dövlətlərlə münasibətləri və digər məsələlərə dair qonaqları maraqlandıran suallara cavab vermişdir. Nazir Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən söz açmış, ötən il ümumi daxili məhsulun 26 faiz, sənaye istehsalının isə təxminən 47 faiz artdığını bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bu ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirildiyini diqqətə çatdırmışdır. Azərbaycan rəhbərliyinin münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bildirən E.Məmmədyarov, işğal edilmiş ərazilərin boşaldılması, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasının zəruriliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.